Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya

Həyatı

- 3 -

Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı məşhur �Məlik Məmməd� nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdur.

Kiyevdəki nəşriyyat heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü. Bu barədə Yusif Vəzir 1913-cü il mart ayının 12-də �Sədayi-həqq� qəzetində çap etdirdiyi �Biz kimik?� məqaləsində yazırdı:

�... Tarixin millətimizə nə qədər mənfəəti olduğunu nəzərə alıb Kiyev müsəlman studentlərinin nəşriyyat heyəti ərbabi qələmimizdən Azərbaycan tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə Azərbaycan dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə götürür və bundan əlavə tarix müəllifinə müküfüt da verməyi vəd edir.�

Yusif Vəzir 1912-ci ildə �Yeddi hekayə�, 1913-cü ildə isə �Həyat səhifələri� adlı kitablarını Kiyevdə çap etdirir. Onların hər nüsxəsinin Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşunas Fiirudin bəy Köçərliyə göndərir. Firudin bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verir.

Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə �Arvadlarımızın halı�, �Qanlı göz yaşları�, �Ana və analıq� kitabları meydana çıxır. 1915-ci ildə birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada �Zemstvo� təşkilatına daxil olub cəbhəyə gedir. Fevral ingilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi.

1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi �Musavatın� Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə başlamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bəqabər, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə, Azərbaycan yavaş-yavaş tanınmağa başlayır.

Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə �Azərbaycanın Muxtariyyatı� və �Biz kimik və istədiyimiz nədir?� kitablarını yazıb çap etdirir.

Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən bir də Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar onun 1917-ci il dekabr ayının 19-da �Açıq söz� qəzetində çap etdirdiyi məqalədə deyilirdi: - �Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişunaslarımız Üzeyir Hacıbəyov cənabları çalışmalıdırlar.�

1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı �Millət� qəzetində �Azərbaycan və azərbaycanlılar� adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı �Litva tatarlarını� adlı kitabçasını 1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.

Yol şəraiti yaxşılaşan kimi Yusif Vəzir Odessaya gedir. Müharibə ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda �Azərbaycan� qəzetində �Xarici siyasətimiz�, �Milli və mədəni işlərimiz� başlığı ilə silsilə məqalələrini çap etdirir.

Yusif Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Çurasının sədri Nəsibbəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan �Azərbaycan ədəbiyyatına bir nəzər�, �Tarixi �coğrafi və iqtisadi Azərbaycan� adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsini artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi elmlər institutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanina gedir. Fransada hər hansı bir əcnəbinin hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün olduğu üçün Yusif Vəzir maddi vəziyyətinin ağır olması ilə əlaqədar məcbur olub Paris yaxınlığındakı Klişi adlı şəhərə köçüb əvvəlcə Lokomativ, sonralar isə avtomobil zavodlarında fəhləlik edir.O, �Paris xəbərləri� qəzetində də əməkdaşlıq edib �Şərq məktubları� başlığı altında cürbəcür yazılar çap etdirir. Yusif Vəzirin qardaşı Miri 1922-ci ildə təhsilini başa vurub Paris banklarının birində məmur işləyirdi. 1924-cü ildə Miri qəflətən xəstələnir. 13 ay davam edən onun xəstəliyi ölümlə nəticələnir. 1925-ci ildə Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və necə olursa-olsun, vətəni Azərbaycana qayıtmağı qərara alır. Yusif Vəzir vətəninə qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komisarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. Qəzənfər Musabəyov Yusif Vəzirdən aldığı məktubu Az.SSR-nin komunist partiyasının birinci katibi Kirova göstərir. Kirov Yusif Vəzirirn vətəninə qayıtmaq arzusunu böyük məmnuniyyətlə qarşılayır. Bir ildən sonra Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-cı il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır.

Səhifələr   1 | 2 | 3 | 4