|
|||||||||||||||||
Az
Ru
En
|
I MUXTARIYYƏT NƏDIR. Oxucularımız muxtariyyət sözünü çox eşidib. Çünki qəzetlərimiz bu sözü hər gün işlədir. Ola bilər ki, muxtariyyətin mənasını çox adamlar başa düşməsinlər. Bunu dürüst bilmək üçün sizə bir məsəl gətirim.Götürək bir türk kəndini. Tutaq ki, bu kənddə on beş daxma var. Bir gün bu kəndin adamları bir yığnaq qururlar və özlərinə bir məclis təşkil edirlər. Bu məclis başlayır kəndi dolandırmağa. Hər kəsin nə dərdi oldu, məclisə deyir və məclis də çarə arayır. Bu gün tutaq ki, kənddə birisi vurub bir adam öldürür. O saat məclis işə baxır və təqsiri olanı tənbeh eləyir. Tutaq ki, su üstə qeylü-qal çıxıb. Genə məclis işə baxır, hərənin haqqını özünə verir. Hər kəs ki, dəcəllik eləyib, məclisə qulaq vermək istəmir və camaatı incidir, dəcəl adamı məclis tutub tənbeh eləyir. Xülasə, camaat bəyəndiyi adamlardan əmələ gələn bu məclis kəndin cəmi işlərini sahmana salır. Məktəb açır, azarxana düzəldir, yollar salır, körpülər tikdirir, işsiz camaata iş verir, topraqsıza topraq tapır, fəqir və əlsiz-ayaqsız adamlara kömək eləyir və qeyri və qeyri... Belə xoşbəxt kəndə muxtariyyətli kənd deyirlər. İndi Rusiyada hər bir millət özünə muxtariyyət istəyir. Yəni istəyirlər ki, cəmi millət işini hökümət çinovniklərinin əlindən alsınlar. Muxtariyyət, yəni öz əli, öz başı olmaqdır. Muxtariyyətli bir millət ölkəsinin, yəni şəhərlərinin, kəndlərinin, əkin yerlərinin, meşələrinin, mədənlərinin və qeyri mallarının ixtiyarını öz tanıdığı millət adamlarının öhdəsinə verir. Bu adamlar da milləti dolandırır. Millətin nəyə ehtiyacı olsa, ona çarə axtarır. Millət rahat və farağat yaşayır. Millət başına duran adamlar camaatı dürüst dolandıra bilməsələr, onda millət qeyri adamlar seçə bilər. Deməli, muxtariyyətin əsl dediyi budur ki, cəmi işlər ölkədə camaatın xahişi ilə əmələ gəlsin. Yəni, güclü gücsüzə cəfa çəkdirməsin; xalqın malı, dövləti, canı və namusu özgələrin kefinə qurban olmasın. Rusiyada qeyri millətlər özünə muxtariyyət düzldən kimi bizim müsəlmanlar da bu yolda çalışırlar. Ən qabaqda gedən krımlı qardaşlarımızdır. Türküstanlılar və başqırdlar da muxtariyyət elan elədilər. Yəni, cəmi dünyaya elan elədilər ki, bundan sonra öz işlərinə özgələri qarışmağa qoymayacaqlar. Növbət indi bizə yetişir. Bizim də ki, bir dövlətli ölkəmiz var. Biz də başsızlıq bəlasına giriftar oluruq. Bizi də nahaq yerə qırırlar, talayırlar və incidirlər. Bunların da səbəbi budur ki, bizim ölkəni dolandıran özgə millətlərdir. Əlbəttə, dini dinimizdən, dili dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq. Amma ölkəmiz öz vəkillərimiz əlinə düşsə, bizim də dərdimizə yanarlar. Ona görə çalışmalı ki, vaxt ikən muxtariyyət qazanılsın. |
||||||||||||||||
Contact: simurg435@box.az | Copyright � 2006. All rights reserved. |