Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya

Xəzər, 1998

Qurban Səid kimin təxəllüsüdür?

Azərbaycanda ilk dəfə Qurban Səid imzası ilə “Əli və Nino” romanının 1971-ci ildə xaricdə çapdan çıxması məlum olmuş bu barədə “Bakı” qəzetində (31 iyul 1973-cü il) “Ədəbi Əlaqələr genişlənir” başlığı altında Məntiqə Muradovanın aşağıdakı məlumatı dərc olunmuşdur. İraqda çıxan “Qardaşlıq” jurnalında Qurban Səidin “Əli və Nino” adlı məhəbbət romanından bəhs edilmişdir. Romanın müəllifi “Qurban Səid” təxəllüsü ilə verilsə də müəllifin adı sonradan müəyyənləşdirilmişdir. Bu görkəmli azərbaycanlı yazıçı Yusif Vəzir Çəmənzəminlidir.

1987-ci ildə ədəbiyyatşunas Bəylər Məmmədovun “Elm və həyat” jurnalında (1987, № 2) Amerikada çıxan qəzet və məqalələrə əsaslanaraq yazdığı “Qurban Səid kimdir” məqaləsində Qurban Səidin Y.V.Çəmənzəminli olduğunu isbat edir.

1971-ci ildə “Əli və Nino” romanının Türkiyədə elan olunmuş kitabının müqəddiməsində bu barədə ətraflı yazılır və kitabın müəllifinin Yusif Vəzir Çəmənzəminli olduğu Üzeyir Hacıbəyovun Fransada yaşayan qardaşı Ceyhun Haçı bəyli təsdiq etdiyi verilir.

1990-cı ildə roman Mirzə Xəzərin tərcüməsində Azərbaycan jurnalının (1990, № 1,2,3) çap olunur. Onun müqəddiməsində də yazılır ki, müəllifi ya Qurban Səid adlı adamdır, ya da o ad altında Yusif Vəzir Çəmənzəminlidir.

“Açıq söz” jurnalında (1990, №3) “Parisdən məktub”, “Əli və Nino” romanının müəllifi kimdir?” başlığı altında Qədir Suleymanın məqaləsi çap edilmişdir. Məqalədə deyilir ki, neçə illərdir ki, ədəbiyyat biliciləri və həvəskarların bu suala müəyyən cavab tapa bilmirlər. “Əli və Nino” romanı Qurban Səid imzası ilə bir çox ölkələrdə çap olunmuşdur. Qurban Səid imzası ilə digər bir əsər – “Xalicli qız” (Bosfor boğazında buxta adı) kitabı çıxmışdır. Müəllifin əsl adının müəyyən olunması yolunda axtarışlar aparılmışdır. Azərbaycandan olan mühacirlər belə bir fərziyə irəli sürmüşlər ki, bu kitabın müəllifi Yusif Vəzir Çəmənzəminlidir.

Ədəbiyyatçı-alim Qasım Qasımzadənin ədəbiyyat qəzetində (22.11.91) “Mühacirət və müasir Azərbaycan ədəbiyyatının bəzi məsələləri” məqaləsi çap olunmuşdur. Məqalədə deyilir ki, Yusif Vəziri yaxşı tanıyan onunla birlikdə Parisdə yaşayıb əməkdaşlıq edən həmyerlimiz Ceyhun Hacıbəyli, Azərbaycan ədəbiyyatının bilicisi və geniş təbliğatçısı, cavidşunas Mustafa Türkəqul, Yusif Qəhrəman, Samih Yazıçıoğlu və başqaları bu fikirdədilər ki, “Əli və Nino” romanının əsl müəllifi Qurban Səid Adı altında gizlənən Avropaya güdən bir yəhudi deyil, məhz Yusif Vəzir Çəmənzəminlidir, qəhramanın prototipi də eynən özüdür.

Türkiyədə çıxan “Yeni Forum” jurnalında (Aralık 1990) Dr. Fthi Tevetoğlunun “Türk ədəbiyyatında taxma adlar” məqaləsi çap olunmuşdur. Məqalədə göstərilir ki, Yusif Vəzir Çəmənzəminlinin təxəllüsləri bunlardır: “Sərsəm, Çəmənzəminli, Qurban Səid, Yusif Bəy Vəzirov”.

Y.V.Çəmənzəminlinin oğulları Orxan və Fikrət Vəzirovların apardıqları tədqiqat (14 səhifə, 62 bənd) “Əli və Nino” əsərində gedən sətirlərin Yusif Vəzirin gündəliklərində və çap olunmuş başqa əsərlərində olduqlarını göstərirlər. Bu ədəbiyyat qəzetində (14.08.92) “Bir daha Əli və Nino haqqında” başlıqlı məqalədə çap olunur. “Ədəbiyyat qəzetində” (14.06.91) Abbas Abdulla Hacaloğlunun “Bilərəkdən unutduqlarımız” adlı məqaləsi çap olunmuşdur. Məqalədə “Əli və Nino” əsərinin müəllifinin Y.V.Çəmənzəminli olduğu faktlarla isbat olunur.

Yazıçı Qılman İlkin böyük tədqiqat işi apardıqdan sonra “Azərbaycan” qəzetində (21.06.94) “Əli və Nino” romanının müəllifi Yusif Vəzir Çəmənzəminlidir” məqaləsini çap etdirdi. Mərhum yazıçı Suleyman Vəliyevin bu mövzuya həsr olunmuş məqaləsi “Böyük sənətkarın sirləri...” başlığı altında “Respublika” qəzetində (26.07.94) çap olunur.

Yazıçılardan Qılman İlkin, Suleyman Vəliyev, Kamal Talıbzadə, Hüseyn Abbaszadə, Famil Mehdi 7 mart 1995-ci ildə məktubla Azərbaycan Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlıya müraciət etdilər ki, “Əli və Nino” romanını Yusif Vəzir Çəmənzəminlinin adı ilə çap olunsun. O vaxt kağız qıtlığı bunun həyata kçməsinə imkan vermədi.

Ədəbiyyat institutunda keçirilən müzakirədən sonra mübahisə doğuran məsələlərə son qoymaq məqsədilə Yazıçılar Birliyi bir daha buna baxmağa qayıtmağı məsləhət bildi. Yazıçılar Birliyinin sədri Anarın başçılığı ilə məsələyə bir də baxıldı.

Yekdilliklə qəbul olundu ki, Qurban Səid Yusif Vəzir Çəmənzəminlinin təxəllüsüdür.

Müzakirənin yekunları Ədəbiyyat qəzetində (26.04.96) “Vacib müzakirə” başlığı altında və Pənah Xəlilovun “Əli və Nino” Yusif Vəzir Çəmənzəminlinindir“ məqaləsi çap olundu. Bundan başqa “Panorama” qəzetində uzun müddət Parisdə Yunesko-da şöbə müdiri işləmiş Ramiz Abutalıbovun “Bu sirr nə vaxt açılacaq?” məqaləsi çıxdı. Bu barədə Azərtac “Tarixi ədalət bərpa olunur” başlığı ilə məlumat verdi. Eyni zamanda axtarışlar davam etdirildi. Əlyazmaları institutunda çalışan Şamil Cəmşidovun “Qurban Səid” – Çəmənzəminlidir, Əsəd bəy “Qurban Səid” deyil məqaləsi çap olundu. Şamil Cəmşidov Yusif Vəzirin arxivindən onun gündəliyini tapıb “Panorama” qəzetində (25.01.97) çap etdirdi. Gündəlikdə Yusif Vəzirin “Ğjkjlysq gjətkeq” adlı hekayəsi çap plundu və qeyd olunmuşdur ki, “Рассказ «Холодный поцелуй» является первичным оригинальным вариантом романа «Али и Нино»”.

Bu barədə çox yazmaq olar, lakin kifayətlənməyi məsləhət bilirik. Lakin Əsəd bəyi azərbaycanlı sayıb onu Qurban Səidlə dolaşdıranların nəzərinə çatdırırıq ki, aşağıdakı mənbələri oxusunlar.





1.Azerbaycan Yurt Bilgisi 2-ci Kanun, 1934 il №25
Azərbaycan haqqında almanca nəşriyyatdan
prof. Dr.K.Yeşke
Berlin Universiteti

Hilal Münşi bəy “Azərbaycan Cümhuriyyəti” isimli obyektiv və asan anlaşılan əsərilə “Azərbaycan haqqında” tarıxı və siyasi fikirdə bulunaraq, alman ictimaiyyətinin nəzəri diqqətini bu mühüm məsələyə cəlb etdiyi üçün təşəkkürə layiqdir... Azərbaycan haqqında almanca yazılan və yaxud məzmunu qismən Azərbaycana aid olan əsərlərdən bəhs edərkən, Kiyev yəhudisi Leo Nussinbaumun “Əsəd bəy” adı altında 1930-1931-ci illərdə çıxartdığı – şöhrəti təəssüf doğuran iki əsəri: “Şərqdə neft və qan” və “Qafqaz dağları, millətləri və bunların tarixləri”ni xatırlamaq istərdim. Hilal Münşi Bəy yuxarıda adını qeyd etdiyimiz əsərində “Əsəd Bəyin” həqiqətdə kim olduğunu və yazmış olduğu pamfletlərlə hansı məqsədlər güddüyünü ifşa etmişdir. Digər mənfi xüsusiyyətlərindən savayı, Nussinbaumun nəşr etdiyi əsərlərində o qədər vəhşi bir fantaziya aşkar edilmişdir ki, bu adam mötəbər bir müəllif kimi qəbul edilə bilməz.



2. Kurtuluş 1935-ci il № 7-8, səh 214
“Almaniyada Azərbaycan İstiqlal Komitəsi”nin rəisi Hilal Münşi Bəyin məruzəsindən.

...Əslən Kiyevdən olaraq, özünə yalandan “Əsəd Bəy” ismini verən və guya Bakı zadəganlarından – daha doğrusu özünün dediyi kimi – Bakı dərə-bəylərindən (?) birinin oğlu olduğu qeyd edən bir fırıldaqçı (24-25 yaşlarında) 1930-cu ildə Almaniyada bulanıq bir əsər nəşrinə müvəffəq olmuşdur. “Şərqdə neft və qan” adını daşıyan bu əsərin əsl məqsədi – bütün məzmunu başdan axıra qədər bir çox millətlər haqqında yalanlar və böhtanlar yazmaq, tarixi hadisələri vicdansız bir tərzdə təhrif etmək və yaxın keçmişə aid hadisələrin təsvirində ən rəzil bir surətdə saxtakarlıq işlədərək Azərbaycan və Qafqaz düşmənlərinin işinə yarayan ən alçaq bir propaqanda yapmaq və ən çirkin fəsadlar törətmək olduğu nəzərə alınarsa – sensasiya axtaran xəfif zəka sahibi oxucuların zövq və beynini oxşayacaq olan son dərəcə murdar bir fantaziya məhsulu meydana gətirərək sadəcə pul qazanmaqdır. Xəstə bir beyin məhsulu olan bu pamfleti oxuyan hər bir oxucu, müəllifin “dərəbəy” və “əsil” mənşəyini mütləq şübhə ilə qavramalıdır, çünki əsərin bir çox yerində müəllif öz-özünü belə inandırmağı unutmamışdır, yəni almanca olan bir tərən ifadənin dediyi kimi, “caninin barmaq izləri göz önündədir”. Məsələn bu hərifin əsərdə anlatdığına baxılarsa, Azərbaycanın qədim və ən əsl əhalisi – Allahu Əkbər – Yəhudi imiş!!! Əsərin intişarından bir neçə gün sonra bu “zadəgan” hərifin “Əsəd Bəy” deyil, Leo Nussinbaum və “dərəbəyi” atasının da Abraham Nussenbaum olduqlarına həm Berlin polisi və həm də xariciyyə nəzarəti meydana çıxardılar. Beləliklə, verilən rəsmi məlumat bu iki şarlatanın şəxsiyyətlərini daha artıq açdı və bu alçaqların Bakı türkü deyil, Kiyev yəhudisi olduqlarını və “Əsəd Bəyin” isə kriminal fırıldaqlarını açıb ortaya qoydu. Həm “Şərqdə neft və qan” və həm də “Əsəd Bəy” ilə özünə yardım edən qalisiya yəhudilərindən mürəkkəb bulanıq bir zümrə - yaxşı ki, o zamanlar belə Veymar Almaniyasının ən xaotik dövrlərində, alman mətbuatı orqanlarında lazımi dərəcədə tənqid olundular və çirkin maskaları üzlərindən qoparıldı.

< < Geri